Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya hərbçiləri arasında Kursk istiqamətində Şimali Koreya hərbçilərinin qəbulu və bölüşdürülməsinə hazırlıq məsələlərini müzakirə edən danışıqları tutub.
Hafta.az bu haqda “TSN”-ə istinadla xəbər verir.
Baş Kəşfiyyat İdarəsi Rusiyanın Kursk istiqamətində döyüşən 18-ci Ordunun 810-cu əlahiddə dəniz piyada briqadasının rus hərbçilərinin danışıqlarını dinləyib. Səs yazılarında hərbçilər KXDR-dən (şərti adı – “K” batalyonu) Kursk istiqamətində döyüşçülərin qəbulu və paylanmasına hazırlıq işlərini müzakirə edirlər.
Baş Kəşfiyyat İdarəsinin müəyyən etdiyi kimi, qarşılıqlı əlaqəni təşkil etmək üçün ruslar Şimali Koreyanın hər 30 hərbi qulluqçusuna bir tərcüməçi və üç əsgər təyin etməyi planlaşdırır. Eyni zamanda ruslar KXDR-dən olan əsgərlərin Rusiya komandanlığı ilə təmin olunmasının mümkünlüyünə şübhə edirlər.
Kəşfiyyat məlumatlarına görə, Şimali Koreyanın Rusiyaya göndərilən hərbçilərinin sayı hazırda 12 min nəfərə yaxındır. Onların arasında üçü general olmaqla 500 zabit var.
Hərbi kəşfiyyat səs yazısını internet şəbəkələrində yayımlayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski KXDR-dən ilk qoşunların oktyabrın 27-28-də hərbi əməliyyatlarda iştirak etməyə başlayacağını bildirib.